“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi – 01.02.2024

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin iştirakçıları “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəlib.

Sahibkarlar bir-birilərinin fəaliyyəti ilə tanış olaraq əməkdaşlıq edə biləcək sahələri müəyyən ediblər.

Həmçinin, görüş zamanı iştirakçılar qarşılıqlı əlaqələr quraraq yeni ideyalardan, iş metodlarından xəbərdar olub bu mövzuda fikir mübadiləsi aparıblar.

Tədbirin təlim hissəsində Biznes analist Müşviq İmamverdiyev analiz metodlarının istifadəsinin artımına təkan verən təkamül prosesləri haqqında xanım sahibkarlara məlumat verib. Müştəriləri daha yaxından tanımaq və effektiv biznes qərarları qəbul etmək üçün məlumat və texnologiyadan istifadənin əhəmiyyəti ilə bağlı bir sıra mövzulara aydınlıq gətirilib.

Nəzərinizə çatdıraq ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Azestetik Group və “Elegant-S” MMC-nin sponsorluğu ilə start götürən “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində müxtəlif mövzularda təlimlər və tədbirlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər keçirilməyə davam edəcək.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!