9 fevral tarixində “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində növbəti təlim baş tutub.
Xanım sahibkarlar bu dəfə təlimdə layihənin sponsoru olan “AzEstetik Group”da olublar.
“Azestetik Group”un rəhbəri Fariz Məmmədov şirkətin 15-ildən artıq müddətdir ki, gözəllik sferası, estetik tibbi cihazlar, stomatolji avadanlıqların satışı və xidmətləri sahəsində davam edən fəaliyyəti haqqında məlumat verib və iştirakçılara uğurlar arzulayıb.
Görüşün davamında “Adıgözəl & TİAK” şirkəti tərəfindən “Qərarla, icra rəhbərin günlük işidir” başlığı altında təlim baş tutub. Şirkətin rəhbəri, biznes mentor Zahid Adıgözəlov mövzu ətrafında işlərin təşkilatlanması, risklərin və faydaların qiymətləndirilməsi ilə bağlı qərarların analizi yönündə biliklərini bölüşüb iştirakçıların suallarını cavablandırıb.
Ən sonda “AzEstetik Group”un “Ambassador” layihəsinin marketinq rəhbəri Həşim Quliyevin təqdimatı ilə layihənin fəaliyyətləri haqqında iştirakçılara məlumat verilib.
Nəzərinizə çatdıraq ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, AzEstetik Group və “Elegant-S” MMC-nin sponsorluğu ilə start götürən “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində müxtəlif mövzularda təlimlər və tədbirlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər keçirilməyə davam edəcək.
Layihə çərçivəsində təşkil olunan tədbirlərin xanımların peşəkar inkişafına öz töhfəsini verəcəyinə inanırıq!