“Təhsildən biznesə: tələbələr üçün karyera yolu” layihəsinə start verilib

Universitet-Sənaye İşbirliyi çərçivəsində “Təhsildən biznesə: tələbələr üçün karyera yolu” layihəsinə start verilib.

18 oktyabrda UNEC-Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA və Marsol Karyera və İnkişaf Mərkəzi ilə birlikdə magistrant və doktorantlara “Biznesi Sahibkardan Öyrən” başlığı altında ilk praktiki təlim keçirilib.

UNEC-Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri Fariz Əhmədov çıxış edərək mərkəzin fəaliyyəti haqqında məlumat verib və bu tip tədbirlərin tələbələr üçün əhəmiyyətindən danışıb. Daha sonra İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA-nın İdarə Heyəti Sədrinin müavini Bilal Qasımlının moderatorluğu ilə tədbir davam edib. Bilal Qasımlı tədbirin mahiyyəti haqqında məlumat verib. Tədbirdə spiker qismində iştirak edən sahibkarlara söz verilib.

Təlim zamanı iş dünyasının uğurlu şəxsləri gənc nəslin nümayəndələri ilə öz təcrübələrini bölüşərək, biznes yönümlü mövzularda fikir mübadiləsi aparıb, iştirakçılara iş həyatında olan çətinliklərin öhdəsindən gəlmək, sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və biznes strategiyalarını kəşf etməklə bağlı mühüm məlumatlar veriblər.

Təlimə tələbələrlə yanaşı Marsol Karyera və İnkişaf Mərkəzinin “Gənc sahibkar” qrupunun iştirakçıları da qatılıb.

Təlimin sonunda sahibkarlar tərəfindən bir-neçə tələbəyə təqaüd veriləcəyi və təcrübə proqramında iştirakla təmin olunacağı vurğulanıb.

Belə layihələr tələbələri real iş həyatı ilə tanış edir, onlara praktiki bacarıqlar qazandırır.

This will close in 0 seconds