Sahibkarlar günü ilə əlaqədar tədbir keçirilib – 25.04.2024

“Sahibkarlar günü” və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyi ilə bağlı aprelin 25-də “Gülüstan” sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda Konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.

“Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” adlı tədbirdə isə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarlar, ictimai birliklərin nümayəndələri, eləcə də Marsol Group partnyorları iştirak ediblər.

Dövlət qurumlarının çıxışları zamanı ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən, özəl sektorun formalaşması və inkişafında ulu öndərin rolu, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, özəl sektorun inkişafı, sahibkarların sosial rifah və məşğulluqda rolu, kiçik və orta biznesin inkişafının prioritetliyi, dövlət-özəl dialoqunun əhəmiyyəti barədə məlumat verilib.

This will close in 0 seconds