Özbəkistan turumuzun ikinci günü…

İlk günümüzü Daşkənddə gözəl bir şəkildə dəyərləndirdikdən sonra qatarla Səmərqənd şəhərinə doğru yola düşdük. Yol boyunca maraqlı mövzularda, biznesə aid təcrübələrimizdən söhbət açdıq.

Səmərqənddə fəaliyyət göstərən «Samarkand Euroasia Textile» şirkətinə istehsalat ziyarəti etdik. Şirkətin nümayəndəsi Şöhrət Maksudov bizə şirkət haqqında məlumat verdi. Ardınca istehsal sahəsini gəzərək proseslərlə yaxından tanış olduq. Həmçinin onu da qeyd edək ki, “SET” şirkəti istehsal etdiyi məhsulların 90%-ni xarici ölkələrə ixrac edir.

Oradan ayrıldıqdan sonra Hanzade restoranında nahar etdik. Özbəkistandakı biznes mühiti haqqında müzakirələr apardıq.

Daha sonra Sərvər Mirzəyevin tur rəhbərliyi ilə tarix kitablarında tez-tez qarşımıza çıxan dahi şəxsiyyət – Əmir Teymurun dəfn edildiyi, Orta Asiyanın görkəmli abidələrindən biri olan Gur-Əmir Külliyəsini ziyarət etdik. Ardınca Səmərqəndin məşhur yerlərindən olan Registan meydanını gəzdik.

Sabah isə turumuzun növbəti məntəqəsinə – Buxara şəhərinə doğru yola düşəcəyik. Orada keçirdiyimiz önəmli və xoş anları sizlərlə paylaşmağa davam edəcəyik.