Ofis Ziyarəti “EVQUR İnşaat” – “Şəki” – 03.10.2023

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində sahibkarlarla birlikdə Şəki şəhərində fəaliyyət göstərən partnyorumuz “EVQUR İnşaat” şirkətində bir araya gəldik. Şirkətin şourumunda təşkil olunan çay süfrəsi ətrafında sahibkarlar bir-birilərilə öz biznes təcrübələrini bölüşdülər. Ardından şirkətin rəhbəri Murad Behbudov tikinti materialları, ev bəzəkləri və məişət əşyaları kimi geniş çeşiddə məhsullarla bağlı məlumat verdi. O, həmçinin müəssisədə müştərilərin istənilən məhsulu daxili kreditlə əldə edə biləcəyini vurğuladı.

Daha sonra Marsol Regionun Şəki-Zaqatala bölgəsi üzrə nümayəndəsi Sərdar Qədirov digər regionlarda baş tutan fəaliyyətlər, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Marsol Group-un birgə təşkilatçılığı ilə keçiriləcək “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” haqqında məlumat verdi. Sərdar bəy bununla yanaşı Marsol Region partnyorları arasında endirimlərlə bağlı bir sıra məqamlara toxundu.

Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB Dostu Elbrus İsgəndərov da iştirak edərək müəssisənin fəaliyyəti ilə yaxından tanış oldu. Görüşün davamında partnyorlarımız şourumu gəzərək mağazadakı məhsullarla daha yaxından tanış oldular.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!