Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatının “İşçi qüvvəsi” indikatoruna dair məlumatlandırma görüşü – 23.02.2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Marsol Group partnyoru olan sahibkarlar üçün Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatının “İşçi qüvvəsi” indikatoruna dair məlumatlandırma görüşü baş tutub.

Marsol Group-un təsisçisi Tural Mustafayev və partnyorlarımızın iştirak etdiyi görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev hesabatın əhəmiyyəti və nəticələrin ölkələrin beynəlxalq biznes mövqeyinə təsiri barədə məlumat verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin sektor müdiri Nicat Rəhmanlı tərəfindən hesabatın “İşçi qüvvəsi” indikatoruna dair təqdimat edilib.

Bununla yanaşı, əmək və məşğulluq sahəsində islahatlar, habelə əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesində özəl sektor ilə əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.

Sonda partnyorlarımızı maraqlandıran suallar cavablandırılıb.