Biznes Tur “İsmayıllı Resort Hotel”, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi”

18 may tarixində Marsol Group və Marsol Region tərəfindən təşkil edilən “Biznes tur” çərçivəsində işgüzar görüşlər keçirmək üçün rayonlara doğru yola düşdük. İlk işgüzar görüşümüz “İsmayıllı Resort Hotel”də baş tutdu. Görüşdə region və Bakıda fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Görüşün davamında “İsmayıllı Resort Hotel”in rəhbəri Anar bəy hotel haqqında ətraflı məlumat verib. Daha sonra sahibkarlara Marsol Region və Marsol Group-un fəaliyyəti haqqında məlumat verilib. Görüşdə həmçinin sahibkarlar üçün işgüzar səfərlərin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq imkanları müzakirə edilib. Bundan əlavə, rayondakı digər sahibkarlıq subyektlərinin fəaliyyətləri barədə də məlumat mübadiləsi aparılıb. Görüş iş dünyasında mühüm yer tutan sahibkarlar arasında əlaqələri gücləndirib.

Növbəti dayanacağımız Qəbələ Dövlət Peşə Təhsil mərkəzi oldu. Gələcəyimiz olan övladlarımızın peşə təhsillərinin daha da inkişaf etməsi yolunda var gücü ilə çalışan mərkəzin rəhbəri Qalib Nəbiyev bizi qarşılayıb. Sahibkarlar Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası ilə tanış olub, emalatxanalara, dəzgahlara, sinif otaqlarına, üzümçülük ixtisası üzrə təcrübə sahəsinə, ümumilikdə, mərkəzin ərazisinə baxış keçiriblər. Daha sonra sahibkarlar bu cür təhsil ocaqlarının təkmilləşməsi və bacarıqlı gənclər yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini və təminat üçün ediləcək yardımları bildiriblər. Sonda tələbələrin hazırladığı şirniyyatlar ilə çay süfrəsi ətrafında sahibkarlar arasında tanışlıqlar oldu.