Biznes Tur – Balakən – 20.05.2023, Şəki – 21.05.2023

“Biznes Tur” çərçivəsində növbəti səfərimiz Balakən şəhərində fəaliyyət göstərən “Balxurma” şirkətində baş tutdu. 2016-cı ildən fəaliyyət göstərən şirkət quru və yarım-quru meyvələrin istehsalı sahəsində öndə gedən, avtomatlaşdırılmış texniki avadanlıqlarla təchiz olunmuş, nəzdində yuyulma, soyulma, soyutma və qablaşdırma sexləri fəaliyyət göstərən müəssisədir.

Marsol Region partnyorumuz olan “Balxurma” şirkətində ziyarətimiz şirkətin icraçı direktoru İsfəndiyar İsfəndiyarovun bizləri ofisinə dəvət edərək fəaliyyətləri haqqında məlumat verməsi və bu mövzuda videoçarx təqdim etməsi ilə başladı. Sonra sahibkarlarla birlikdə şirkətin istehsalat hissəsində məhsulların hazırlanma qaydası ilə yaxından tanış olduq. Daha sonra İsfəndiyar bəy bizi çay süfrəsi ətrafına dəvət edərək şirkətin ləziz təamlarını təqdim etdi və partnyorları maraqlandıran sualları cavabladı.

Turumuzun son günü partnyorlarımızla birlikdə 1950-ci ildən Şəki şəhərində fəaliyyət göstərən “Əliəhməd Şirniyyat Evi”nin istehsalatı ilə tanış olduq. Əsasən halvaçılıq fəaliyyəti ilə məşğul olan müəssisənin rəhbəri Toğrul Əliəhmədli bizlərə ləziz təamlarını təqdim etdi və istehsal prosesində istifadə olunan materiallar və üsulları bizimlə bölüşdü. Daha sonra o müəssisənin köklü tarixi haqqında da məlumat verib.

This will close in 0 seconds