13 avqust “Biznes Kamp”ın son günü sahibkarların iştirakı ilə Lənkəranlı balçı Səyavuş Yaqubovun məkanını ziyarət etdik.
Azərbaycanda ilk kasetli arı pavilyonunu hazırlayan Lənkəranlı balçı Səyavuş bəy 2015-ci ildən arıçılıq sənəti ilə məşğuldur.
İnsanları tam təbii arıçılıq məhsulları ilə təmin etmək istəyən Səyavuş bəyin məhsulları partnyorlarımızın diqqətini cəlb edib. Sahibkarlar müəssisənin fəaliyyətləri ilə yanaşı Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin texniki dəstəyi ilə ərsəyə gətirilən apiterapiya avadanlığı ilə yaxından tanış olublar. Daha sonra arı yuvalarının olduğu təsərrüfat sahəsinə gedərək arıçılıq fəaliyyətində mühüm əhəmiyyət kəsb edən avadanlıqlar və bal yığımının incəlikləri haqqında məlumat əldə ediblər. Görüşün davamında təşkil edilən çay süfrəsi ətrafında Marsol Region və Marsol Group partnyorları arasında tanışlıqlar baş tutub.
Qeyd edək ki, görüşdə iştirak edən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin rəhbəri Afər Kərimov Səyavuş bəylə birgə fəaliyyətlərindən danışıb və mərkəzdə “Arıçılıq” ixtisasına qəbul olunan tələbələrin istehsalat təlim və təcrübələrini arıçılıq mərkəzində keçəcəyini vurğulayıb.
Ümumilikdə 3 gün davam edən Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının təşkilatçılığı, sahibkarların iştirakı ilə Lənkərana təşkil olunan “Biznes Kamp”ımız başa çatdı. “Biznes Kamp”da partnyorumuz “Adıgözəl & TİAK” şirkətinin rəhbəri Zahid Adıgözəlovun bir-birindən faydalı 3 mövzuda təlimi baş tutdu. Həm paytaxt həm də region sahibkarlarımız bu təlimlərdən faydalandı.