“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində ilk ofis-istehsalat ziyarəti – “Ulduz” Şokolad Fabriki

Yanvarın 18-i “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində ilk ofis-istehsalat ziyarəti baş tutub.

Xanım sahibkarlarımız yanvarın 15-i start götürən layihənin ilk fəaliyyətində “Veysəloğlu” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən məşhur “Ulduz” şokolad fabrikini ziyarət ediblər.

Fabrikin kommersiya direktoru Türkan Həsənova xanımlara fabrikdə hansı məhsulların istehsal edildiyini və bu proseslərin texnoloji cəhətdən necə həyata keçirildiyini ətraflı şəkildə izah edib. Daha sonra xanımlar fabrikin istehsalat sahəsini ziyarət edərək qənnadı məmulatlarını yoxlamaq və onların hazırlanma mərhələləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Beləliklə, layihə çərçivəsində baş tutan ilk fəaliyyətimiz uğurla başa çatıb.

Nəzərinizə çatdıraq ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Azestetik Group və “Elegant-S” MMC-nin sponsorluğu start götürən “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində müxtəlif mövzularda təlimlər və tədbirlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil ediləcək. Martın 7-də “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təşkil ediləcək tədbirlə layihə yekunlaşacaq.

İştirak edən xanım sahibkarlara təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!