“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi – 26.01.2024

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində növbəti tədbir “Bakı KOB evi”ndə baş tutub. “Layihələrin idarə olunması” mövzusunda təşkil olunan maarifləndirici tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Regional Layihələr və Monitorinq şöbəsinin müdiri olmuş, Azərbaycan Dövlət İqtisad Universitetində və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində layihələrin idarə edilməsi üzrə təcrübəli iqtisadçı Eldəniz Əmirov öz biliklərini bölüşüb.

Mövzu çərçivəsində xanım sahibkarlarımıza şirkət və ya təşkilat layihələrinin effektiv şəkildə planlanması, icrası və nəzarəti kimi bir çox maarifləndirici məlumatlar verilib. Layihələrin vaxtında, büdcə çərçivəsində tamamlanması, keyfiyyətin yaxşılaşdırılması nəticəsində əldə ediləcək nailiyyətlər haqqında müzakirələr aparılıb.

Nəzərinizə çatdıraq ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Azestetik Group və “Elegant-S” MMC-nin sponsorluğu ilə start götürən “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində müxtəlif mövzularda təlimlər və tədbirlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil ediləcək. Martın 7-də “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təşkil ediləcək tədbirlə layihə yekunlaşacaq.

İştirak edən xanım sahibkarlara təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!