“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar layihəsi” – 15.02.2024

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin tədbirləri davam edir.

Xanımların peşəkar inkişafına, sahibkarlıq düşüncəsini inkişaf etdirməsinə və maariflənməsi üçün təşkil olunan layihə çərçivəsində fevralın 15-i “İşgüzar Səhər Yeməyi” baş tutub.

“MADO” restoranında B2B mühitdə bir araya gələn xanım sahibkarların biznesləri ilə bağlı bir sıra təqdimatlar olub yeni əməkdaşlıqlara zəmin yaranıb.

Görüşün əvvəlində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev çıxış edərək layihənin gedişatı ilə bağlı öz təəssüratlarını bölüşüb və baş tutacaq tədbirlər haqqında məlumat verib.

Bununla yanaşı, tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli iştirak edib və layihə iştirakçılarına uğurlar arzulayıb. Vətəndaşların məşğulluğunun təminatı üçün yeni sosial layihələrdən bəhs edilib, xanım sahibkarların sualları cavablandırılıb.

Sonda, “SAT Group” şirkəti tərəfindən “Maksimum satış” başlığı altında təlim təşkil olunub. Şirkətin həmtəsisçisi Azad Qəhrəmanov satışı davamlı və yüksək səviyyədə saxlamaq üçün əhəmiyyətli olan strategiyaları izah edərək mövzu ilə bağlı sualları cavablandırıb.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

This will close in 0 seconds