Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Marsol Group arasında memorandum imzalanıb.

Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Marsol Group arasında memorandum imzalanıb.

Razılaşmaya əsasən, qeyri-formal və informal təhsilin tanınması, müvafiq sahədə fəaliyyət göstərən şəxslərin bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi istiqamətində əməkdaşlıq ediləcək.

Tərəflər əmək bazarında fəaliyyət göstərən ixtisaslı kadrların prosesə cəlb olunması üçün göstəriləcək dəstək, məqsədlərə çatmaq üçün görüləcək işlər haqqında fikir mübadiləsi aparıblar.

Görüş zamanı “Marsol Karyera və İnkişaf Mərkəzi”nin rəhbəri Nübar Mustafayeva “Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində baş tutan fəaliyyətlər və dərslər haqqında məlumat verib. Universitet-Sənaye İşbirliyi çərçivəsində “Təhsildən biznesə: tələbələr üçün karyera yolu” layihəsi ilə bağlı da bir sıra mövzulara toxunulub.

Ən sonda Marsol Group-un təsisçisi Tural Mustafayev tərəfindən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini, İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulova xatirə hədiyyəsi təqdim olunub.