29 iyul tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA və Marsol Group-un birgə təşkilatçılığı, sahibkarların iştirakı ilə Şuşaya səfər təşkil edilib. Səfər çərçivəsində ilk olaraq Füzuli Beynəlxalq Hava Limanına gələn qonaqlara limanın fəaliyyəti barədə məlumat verilib.

Sonra isə Şuşaya doğru yola düşülüb. Gözəl təbiəti ilə hər kəsi heyran edən Şuşada gəzinti baş tutub, qədim tarixi abidələrlə yaxından tanışlıq təşkil olunub və sahibkarlar burada xatirə fotosu çəkdirib. Eyni zamanda şəhərdə aparılan genişmiqyaslı yenidənqurma işləri ilə yerində tanışlıq imkanı yaradılıb.

Şuşa Şəhər Dövlət Qoruğunun icraçı direktoru Tural Novruzov səfər iştirakçılarına Şuşada görülən abadlıq-quruculuq işləri, tarixi abidələrin bərpası, infrastruktur layihələri barədə ətraflı məlumat verib. O, həmçinin sahibkarların suallarını cavablandırıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Beləliklə, səfər Şuşanın hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə sahibkarlara dolğun təsəvvür yaratmağa kömək edib.

This will close in 0 seconds