“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində Quba-Xaçmaz rayonu üzrə tədbir – 01.03.2024

“Regional tərəfdaşların inkişafı” layihəsinin növbəti tədbiri 1 mart tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un təşkilatçılığı ilə Xaçmaz rayonunda keçirilib. “Xaçmaz KOB evi”ndə təşkil olunan tədbirdə Bakı şəhərindən və Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzəndən 200-dən çox sahibkar, həmçinin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarklığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Nihad Muxtarlı və Milli Məclisin deputatı Sevil Mikayılova sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin maliyyələşdirilməsi sahəsində yeniliklər, alternativ maliyyələşdirmə alətləri, özünüməşğulluq proqramının sahibkarlığa başlanılmasında rolu, eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi barədə məlumat veriblər.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri və “Marsol Group”un təsisçisi Tural Mustafayev, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və “Maricel Real Estate”in təsisçisi Samir Əlizadə təmsil etdikləri şirkətlərin fəaliyyəti, sahibkarlıq sahəsində dövlət qurumları ilə əməkdaşlıq və mövcud dəstək mexanizmlərindən istifadə barədə danışıblar.

Tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara maliyyə resurslarına çıxış, bu sahədə mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib, sualları cavablandırılıb.

Bununla yanaşı, tədbir çərçivəsində “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları və dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələrdə iştirak edən KOBİA, AKİA, Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, “Sirab” MMC-nin və “Kapital Bank”ın nümayəndələri tərəfindən mövzu ilə bağlı ətraflı məlumat verilib, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Regionlarda fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması məqsədilə “Regional tərəfdaşların inkişafı” layihəsi 2024-cü ildə də davam etdiriləcək.

2022-ci ildən həyata keçirilən layihənin məqsədi sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlətin dəstək tədbirləri barədə biznes subyektlərinin və yeni biznesə başlamaq istəyən şəxslərin məlumatlandırılması, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsidir.