8 sentyabr tarixində “Marsol Group” və “Outsite” tərəfindən Qax rayonunda sahibkarlar üçün təşkil edilən kampın birinci gününün unudulmaz təəssüratlarını bölüşmək istəyirik. Azərbaycanın tarixi və təbii gözəlliklərindən biri olan Qax rayonunda Marsol Group partnyorları və regionda fəaliyyət göstərən sahibkarlarla bir araya gələrək füsunkar təbiətin abu-havasında planlaşdırdığımız fəaliyyətləri həyata keçirməyə başladıq.
Qaşqaçay kəndində yerləşən “Buzbulaq İstirahət Mərkəzi”ndə iştirakçılarla nahar etdik. Daha sonra ekoloji maarifləndirmə, əyləncəli oyunlar, yarışlardan ibarət turlar təşkil edən “Outsite” şirkətinin təsisçisi Hüseyn Həsənovun təlimatlarına uyğun olaraq sahibkarlar kamp çadırları qurmağa başladılar. Onlar bir-birilərinə kömək edərək komanda işinin vacibliyini göstərdilər.
Çadırlar tamamlandıqdan sonra sahibkarlar üçün maraqlı “Mafia” oyunu təşkil olundu. Oyun, iştirakçılar üçün əyləncəli şəkildə qarşılıqlı əlaqə yaratmağa imkan verən strategiya, komanda işi və ünsiyyət bacarıqlarını birləşdirdi. Hər bir sahibkarın oyunda fəal iştirak etməsi və rəqabətin həyəcanını hiss etməsi güclü bağ və yeni əməkdaşlıqların əsasını qoymağa kömək etdi.
Günün sonunda axşam ziyafətinin ardından sahibkarlar arasında çay süfrəsi ətrafında tanışlıq baş tutdu. Sahibkarların ruhlandırıcı hekayələrini və biznes təcrübələrini dinləmək düşərgəmizin məqsədinə çatmaq yolunda böyük addım oldu.
Beləliklə, kampımızın ilk günü başa çatdı.