Portuqaliya Biznes Kampı – 22.08.2023

“Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları, Marsol Karyera və İnkişaf Mərkəzi ilə Shane Academy-nin birgə təşkil etdiyi Portuqaliya biznes kampında.

Gələcək innovasiyaların və yaradıcı iş fikirlərinin yeri olaraq tanınan Portuqaliyanın paytaxtı Lissabon şəhərinə doğru yola düşən tur iştirakçıları 7 günlük kampın ilk günü sahibkarlıq fəaliyyətləri üçün mühüm olan bir neçə təlimdə iştirak ediblər. Təlim çərçivəsində biznes planı qurmaq, öz brendini yaratmaq və startup layihələri ilə bağlı faydalı mövzulara toxunulub. Seminarda fəal şəkildə iştirak edən uşaqlar həmçinin, Startap layihələrinə investisiya edən Portugal Ventures şirkəti ilə də yaxından tanış olublar. Bununla yanaşı, xarici bir vətəndaş olaraq viza alma prosedurları, yerləşmə, yaşam haqqları mövzusunda məlumat əldə ediblər.

Portuqaliya kampının faydalı fəaliyyətlərlə dolu təlim hissəsindən sonra tarixi abidələrlə zəngin və Avropanın ən rəngli paytaxtlarından biri olan Lissabon şəhərində gəzinti təşkil olunub.

Beləliklə, həm faydalı, həm də gözəl təəssüratlarla dolu ilk gün başa çatıb.