Özbəkistan səfərimizin son günü

28 sentyabr tarixində başlayan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və Marsol-un təşkilatçılğı, Globus Travel Agency şirkətinin tərəfdaşlığı ilə Azərbaycan İş Adamlarının Özbəkistan səfəri bir həftə davam etdi. Bir sıra dövlət qurumları ilə, 100-dən çox özbək sahibkarla görüşdük. Özbəkistanın tarixi abidələrini, məkanlarını və muzeylərini gəzdik. İndi isə Özbəkistan səfərimizin sonuncu gününə gəlib çatdıq. İlk gün gəldiyimiz Daşkənd şəhərindəki işgüzar görüşlərimizin intensivliyinə görə buranın gəzib görməli yerləri ilə çox yaxından tanış ola bilməmişdik. Tur rəhbərimizlə birlikdə Daşkənd Müstəqillik Meydanını, Şəhidlər Xiyabanını və Şəhidlər parkını gəzdik.

Daha sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının Özbəkistan nümayəndəsi Əli Elvin bəy bizi nahar yeməyinə dəvət etdi. “Osh Siti” restoranında nahar etdikdən sonra Daşkənd gəzintimizə davam etdik.

Axşam yeməyimizi “Sultan Said” restoranında etdikdən sonra Daşkənd Beynəlxalq Hava Limanına doğru yola düşdük. Özbəkistandan xoş təəssüratlarla ölkəmizə geri qayıtdıq.