Kampın sonuncu günündə sahibkarlar səhər yeməyinin ardından “Adıgözəl & TİAK” şirkətinin rəhbəri Zahid Adıgözəlovun təliminə qatılıblar. Zahid bəy “Kiçik şirkətin strukturu” mövzusunda partnyorlarımızı maarifləndirib. O, şirkətin idarəetmə və işçi heyətinin quruluşundan bəhs edərək sahibkarların mövzu çərçivəsində daha ətraflı düşünməsinə vasitəçi olub.

Günə yararlı bir təlimlə başlayan partnyorlarımız daha sonra Qax rayonunun Ləkit kəndinə gedən sıx meşənin dərinliyində yerləşən “Mamırlı” şəlaləsinə ekskursiya ediblər. Adını qayalardan yüzillər boyu süzülərək axan suyun mamır örtüyü salmasından alan şəlalənin qarşısında partnyorlarımız xatirə şəkli çəkdiriblər.

Günün davamında nahar yeməyinin ardından kamp çadırları toplanmağa başlanıb. Qaxda son fəaliyyətlərimizi tamamladıqdan sonra rayondan ayrılaraq bir çox “Marsol Region” partnyorlarının fəaliyyət göstərdiyi Şəki şəhərinə doğru yola düşdük. Burada sahibkarlar “Marsol Region” partnyoru olan “Əliəhməd Şirniyyat Evi”ni ziyarət ediblər. Müəssisədə istehsal olunan məşhur Şəki halvası və digər ləziz təamlardan dadan sahibkarlar daha sonra “Yaşıl Ada” ailəvi istirahət mərkəzinə gedərək çay süfrəsi ətrafında Kamp haqqında xoş təəssüratlarını bölüşüblər. Onu da qeyd edək ki, burada partnyorumuz “Adıgözəl & TİAK” şirkətinin rəhbəri Zahid bəyin doğum günü qeyd olunub. Səmimi mühitdə partnyorlarımız Zahid bəyi təbrik edib, arzu və diləklərini çatdırıblar. Gözəl bir çay süfrəsinin ardından Marsol Region partnyoru “Bal Kamal” mağazasını ziyarət etdik. Beləliklə, Gözəl fəaliyyətlərlə və unudulmaz səyahətlərlə dolu Qax düşərgəsi başa çatıb.

3 günlük möhtəşəm Qax Kampında iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq. Bununla yanaşı müxtəlif təlimlərlə partnyorların daha da maariflənməsinə vasitəçi olan “Adıgözəl & TİAK” şirkətinin rəhbəri Zahid Adıgözəlovu ad günü münasibətilə təbrik edir, ömür boyu xoşbəxtlik və uğurlar arzu edirik!

This will close in 0 seconds