“İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA” və Marsol Region-un birgə təşkilatçılığı ilə Cənub bölgəsində baş tutan “Biznes Tur”un son günü müxtəlif sitrus meyvələrinin becərilməsi və aqroturizm fəaliyyətləri ilə məşğul olan “Citrus Valley” təsərrüfatı ilə tanış olmaq üçün yola çıxdıq. 2007-ci ildən fəaliyyət göstərən bağın qurucusu Rəftarə Şükürova bizə 15 hektar ərazini təşkil edən məkanda yetişdirilən meyvələr və onlardan hazırlanan məhsullar haqqında məlumat verdi.

Davamında Azərbaycanda ilk kasetli arı pavilyonunu hazırlayan Lənkəranlı balçı Səyavuş Yaqubovun məkanını ziyarət etdik. “Balçı Səyavuş” brendi altında arıçılıq fəaliyyətləri ilə məşğul olan Səyavuş bəy bizi şourumda məhsullarla tanış etdi, sonra arı yuvalarının olduğu təsərrüfat sahəsinə gedərək arıçılıq fəaliyyətində mühüm əhəmiyyət kəsb edən avadanlıqlar və bal yığımının incəlikləri ilə yaxından tanış olduq.

Sahibkarlarla birlikdə maraqlı cənub turunun sonunda Bakıya doğru yola çıxdıq. Son olaraq Marsol Group partnyoru “Saloni” mebel şirkətində qonaq olduq. Şirkətin rəhbəri Elməddin Nuriyevin təqdimatı ilə modern üslublu, estetik və minimalist ev mebelləri ilə tanış olduq.

Ümumilikdə “Biznes Tur” çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən, 20-yə yaxın Marsol Region partnyorunun ofis və istehsalatına ekskursiyalar təşkil olunub.

Belə tədbirlər vasitəsilə ölkəmizin müxtəlif bölgələrindəki sahibkarları bir araya gətirməyə, onlar arasında səmərəli əlaqələrin qurulmasına nail oluruq.