“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində partnyorlarımızla birlikdə Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarları tanımaq, onların biznes mühitini müşahidə etmək və işgüzar əlaqələr qurmaq məqsədilə baş tutan turumuzun ilk günü bir çox sahibkarın ofisini və istehsalat sahəsini ziyarət etdik.

Okyabrın 13-də Masallı Hoteldə paytaxt sahibkarları üçün təşkil olunan səhər yeməyindən sonra “Lənkəran Mexanikləşdirmə” şirkətini ziyarət etdik. Şirkətin istehsalat sahəsində istilik cihazları və buxar qazanlarının hazırlanmasında istifadə olunan avadanlıqlarla yaxından tanış olduq. Daha sonra şirkətdə baş mühəndis, direktor əvəzedicisi vəzifəsində çalışan Şakir Eyvazov və direktor müavini Mübariz İsgəndərovun dəvəti ilə müəssisənin ofisində çay süfrəsi ətrafında B2B müzakirələr baş tutdu. Qeyd edək ki, şirkət “SELSİON” brendi adı altında boylerlər, su qızdırıcı qazanlar, buxar qazanları, yağ qazanları, alternativ enerji ilə işləyən su qazanları və kombilərin istehsalı ilə məşğul olur.

Görüşün davamında “Eduland Daimi İnkişaf Mərkəzi”ni ziyarət etdik. Burada mərkəzin təsisçisi Abutalıb Kamalovla görüşüb mərkəzin fəaliyyəti ilə yaxından tanış olduq. Marsol Region-un partnyoru olan “Eduland” ingilis ,rus ,alman dillərinin tədrisini, eləcə də ibtidai sinif, riyaziyyat, SAT və IELTS hazırlıqlarını özündə cəmləşdirir.


Bununla yanaşı tikinti və 1001 xırdavat təsərrüfat mallarının satışı ilə məşğul olan “Orand İnşaat” şirkətinin şourumunu və istehsalat sahəsini ziyarət etdik. Şirkətin rəhbəri Nurlan Rüstəmzadənin rəhbərliyi ilə müəssisənin şourumunda geniş çeşiddə xırdavat məhsulları ilə tanış olduq. Daha sonra isə müxtəlif dam örtüklərinin, mərmərlərin, eləcə də döşəmə taxtalarının istehsalını həyata keçirən “Cabiroğlu” şirkətinə ekskursiyamız baş tutdu. Şirkətin rəhbəri Cavid Əhmədov bizə müəssisənin fəaliyyətindən danışdı və əməkdaşlıqla bağlı təəssüratlarını bildirdi.

This will close in 0 seconds