Birinci Azərbaycan-Mərakeş Biznes Forumu keçirilib

Bu gün işgüzar Mərakeş səfəri çərçivəsində partnyorlarımızla birgə Birinci Azərbaycan-Mərakeş Biznes Forumunda iştirak etdik.

Forumda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Ələt Azad İqtisadi Zonasının (AFEZ) səlahiyyətli qurumunun İdarə Heyətinin sədr müavini İsmayıl Manafov iştirak edib. C.Bayramov ikitərəfli iqtisadi istiqamətdə, o cümlədən ticarət və investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı, azad iqtisadi zonalar çərçivəsində əməkdaşlıq və s. sahələrdə iki ölkə arasında istifadə edilməmiş potensialların mövcudluğunu qeyd edib. Azərbaycanın aparıcı şirkətlərinin Mərakeşdə həyata keçirilən infrastruktur layihələrində iştirakının iqtisadi əməkdaşlığa əlavə fayda verə biləcəyi vurğulanıb.

Qeyd edək ki, forumdan əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovla görüşümüz baş tutub. Görüş çərçivəsində B2G formatında dialoqlar, KOB-lara göstərilən dəstək və xidmətlər barədə müzakirələr aparılıb, sahibkarlıq fəaliyyətlərində müəyyən problemlər vurğulanıb.

Təşkil olunan forumun iki ölkə arasında olan iqtisadi inkişafa və sahibkarlarımızın xarici bazarlara çıxışına töhvə verəcəyinə əminik.