24 oktyabr tarixində Marsol Group-un Avropa səfəri çərçivəsində Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan Respublikasının Almaniyadakı Səfirinin müavini Samir Rzayev, Marsol Group partnyorları, eləcə də Almaniyada fəaliyyət göstərən azərbaycanlı və türkiyəli iş adamlarının iştirakı ilə axşam ziyafəti formatında işgüzar görüş keçirilib.
Görüşdə çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev İCMA və Marsol Group-un fəaliyyəti, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr, eləcə də Avropa səfərinin məqsədləri barədə məlumat verib. O, səfərin əsas məqsədinin Azərbaycan sahibkarlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropa bazarlarına çıxış imkanlarının artırılması və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi olduğunu vurğulayıb.
Səfirin müavini Samir Rzayev çıxışında Almaniyada fəaliyyət göstərən azərbaycanlı iş adamlarına yaradılan şərait, Səfirliyin bu istiqamətdə həyata keçirdiyi dəstək mexanizmləri və yeni layihələr barədə məlumat verib.
Həmçinin tədbir çərçivəsində iştirak edən sahibkarlar öz fəaliyyət istiqamətləri barədə məlumat verərək qarşılıqlı tanışlıq aparıblar. Görüş zamanı Avropada biznes imkanları, potensial əməkdaşlıq istiqamətləri və təcrübə mübadiləsi mövzularında səmərəli müzakirələr aparılıb.
Axşam ziyafəti səmimi və işgüzar atmosferdə keçib, tədbir iştirakçıları arasında yeni əlaqələrin formalaşmasına və əməkdaşlıq perspektivlərinin genişlənməsinə zəmin yaradıb.


