“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi yekunlaşıb.

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi yekunlaşıb.

Martın 7-si layihənin yekunlarına və 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirə layihənin təşkilinə dəstək göstərən qurumların nümayəndələri və bu layihədə iştirak etmiş qadın sahibkarlar qatılıblar. Tədbirin rəsmi hissəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək layihəylə bağlı fikirlərini bölüşüb, xanım sahibkarlar üçün təşkil edilən maarifləndirici görüşlərin mahiyyətini vurğulayıb və iştirakçılara fəaliyyətlərində uğurlar arzulayıblar.

Eyni zamanda layihənin sponsoru “AzEstetik Group”un təsisçisi Fariz Məmmədov və “Elegant-S”in rəhbəri Hüseynağa Osmanov da çıxış edərək, təmsil etdikləri şirkətlərin fəaliyyəti haqqında məlumat verib, qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə iştirakçıları təbrik ediblər.

Tədbirin davamında layihə ərzində keçirilən işgüzar görüşlər və təlimlərdə fəal iştirak edən qadın sahibkarlar sertifikatla təltif olunub. Bununla yanaşı “Elegant-S” şirkəti tərəfindən xanımlara hədiyyələr təqdim edilib. Tədbirin bədii hissəsi əyləncəli şou proqramla davam edib.

Onu da qeyd edək ki, qadın sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunan layihə çərçivəsində müxtəlif sektorları təmsil edən 70-dən çox sahibkar iştirak edib. Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər və tədbirlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil edilib.