Türkiyənin Qəhrəmanmaraş şəhərindən olan iş adamları ilə yerli sahibkarlar arasında görüş keçirilib – 04.02.2024

Türkiyənin Qəhrəmanmaraş şəhərindən olan iş adamları ilə yerli sahibkarlar arasında görüş keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının dəstəyi ilə “Bakı KOB evi”ndə keçirilən tədbirdə Türkiyə və Azərbaycan iş adamları arasında birgə əməkdaşlıq və qarşılıqlı investisiya imkanları müzakirə edilib.

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Qəhrəmanmaraş Ticarət və Sənaye Palatasının sədri Mustafa Buluntu, Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının sədri Cengiz Aygör iki ölkə arasında iqtisadi, ticarət və investisiya sahəsində əməkdaşlığa, qarşılıqlı investisiya qoyuluşu imkanlarına, eləcə də zəlzələdən əziyyət çəkmiş Qəhrəmanmaraşda həyata keçirilən yenidənqurma işlərində Azərbaycanın roluna dair fikirlərini bölüşüblər.

Tədbirdə hər iki ölkədən xidmət, kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm və s. sektorlarda fəaliyyət göstərən 150-yə yaxın iş adamı iştirak edib. Həmçinin, Marsol Group partnyorlarının da iştirakı ilə tədbirin sonunda Azərbaycan və Türkiyə iş adamları arasında B2B müzakirələr olub, ticarət əlaqələrində KOB-ların roluna dair fikir mübadiləsi aparılıb.