Şimala “Biznes Tur” Gündəliyi – l gün

24 noyabr “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA” və Marsol Region-un birgə təşkilatçılığı ilə Şəki-Zaqatala bölgəsinə təşkil olunan “Biznes Tur”un ilk günündən fotoları sizlərə təqdim edirik.

Turun ilk günü Marsol Region partnyoru “Marxal Resort & Spa”nın “Nuxa” restoranında nahar yeməyi baş tutdu. Sonra Öryət kəndində 8 hektar ərazini əhatə edən “Bio Garden” aqroekoturizm məkanına ekskursiya təşkil olundu. Bio Garden-in rəhbəri Etibar Nuriyev Şəki şəhərində davamlı kənd təsərrüfatının və turizmin inkişafına töhfə verən məkanın fəaliyyətləri haqqında partnyorlara məlumat verdi.

Günün ikinci yarısında “Bonum Medical”ın fəaliyyətləri ilə tanış olmaq üçün yola düşdük. Marsol Region partnyoru “Bonum Medical”ın rəhbəri İlqar Məmmədov bizi pasiyentlərə təqdim olunan keyfiyyətli tibbi xidmətlər haqqında məlumatlandırdı. Klinikanın Radiologiya, oftalmologiya, qastroenterologiya, laboratoriya bölümlərində müasir diaqnostik cihazlar quraşdırılmış, cərrahiyə bölümü ambulator əməliyyatların keçirilməsi üçün lazım olan tibbi təchizatla tam təmin olunmuşdur.

Günün sonunda “Ağ Qaya” restoranında sahibkarlarla təşkil olunan axşam ziyafətindən sonra otelə qayıtdıq. Partnyorlarla “Mafia” oyunu çərçivəsində asudə vaxtımızı daha əyləncəli keçirmək imkanımız oldu.

Marsol Group partnyorlarının iştirakı ilə ölkəmizin şimalında fəaliyyət göstərən sahibkarlarla birgə işgüzar görüşlərin və təlimlərin keçirilməsi məqsədli “Biznes Tur”un ilk günü uğurla başa çatdı.