“Regional tərəfdaşların inkişafı” layihəsinə start verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol” MMC – nin təşkilatçılığı, Şəki şəhər İcra Hakimiyyəti, Dövlət Məşğulluq Agentliyi və Kapital Bankın rəsmi tərəfdaşlığı, “Maricel Real Estate”in sponsorluğu ilə “Regional tərəfdaşların inkişafı” layihəsinin ilk tədbiri Şəki şəhəri Heydər Əliyev Mərkəzində baş tutub.

Layihənin məqsədi regionlardakı sahibkarları maliyyə kanallarına çıxış imkanları haqqında məlumatlandırmaq, dövlətin subsidiya və digər dəstək mexanizmləri ilə daha yaxından tanış etmək, həmçinin paytaxtdakı sahibkarlarla işgüzar əlaqələrin qurulmasına dəstək göstərərək münbit biznes mühitinin formalaşdırılmasına nail olmaqdır.

Tədbir 9 dekabr tarixində Şəki şəhərində həmin iqtisadi rayona daxil olan şəhər və rayonların sahibkarları, həmçinin Marsol partnyorlarından ibarət 100-ə yaxın sahibkarın iştirakı ilə həyata keçirilib. Ümumilikdə 200-dən çox sahibkarın iştirak etdiyi konfransda “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları və dövlətin dəstək mexanizmləri” adlı panel müzakirələri aparılıb.

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı Vüqar İskəndərov və “Marsol” MMC – nin təsisçisi Tural Mustafayevin açılış nitqi ilə tədbir başlayıb.

Ardınca Marsol şirkətinin fəaliyyətlərinin əks olunduğu video çarx izlənilib. Daha sonra Kapital Bank Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə çıxış edib. Kapital Bank haqqında video çarx nümayiş edilib. Ardınca “Maricel Real Estate”in təsisçisi Samir Əlizadənin çıxışı baş tutub. Maricel haqqında video çarx izlənilib və beləliklə protokol hissə yekunlaşıb.

İkinci hissədə “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları və dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi baş tutub.  Fed.az-ın Baş redaktoru Əli Əhmədovun moderatorluğu ilə baş tutan panel müzakirələrdə KOBİA Regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri Eldəniz Əmirov, AKİA Kredit Şöbəsinin müdiri Rövşən Məmmədli, SİF Partnyorlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov, Dövlət Məşğulluq Agentliyi Sosial tərəfdaşlarla iş departamentinin müdiri Səbuhi Qənbərzadə, Kapital Bank Kiçik və orta sahibkarlarla iş departamentinin müdiri Nəsimi Xasiyev öz bilik və təcrübələrini bölüşüb. Tədbirin davamında iştirakçıların sualları cavablandırılıb. Tədbirin sonunda göstərdikləri dəstəyə görə Şəki şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov və digər dəstək göstərən tərəfdaşlara plaketlər təqdim olunub.

Tədbirin “Coffe Break” hissəsində isə sahibkarlar arasında B2B görüşlər edilib.

Tədbir Ağqaya restoranında baş tutan ziyafətlə yekunlaşıb.