“Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusuna ictimai müzakirə təşkil olunub.

Aprelin 28-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı, dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin, 70-ə yaxın iş adamının və Marsol partnyorlarının iştirakı ilə “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusuna ictimai müzakirə təşkil olunub.

İctimai müzakirədə ölkəmizdə həyata keçirilən rəqəmsallaşdırma siyasəti, əlverişli biznes mühitinin formalaşdırılmasında rəqəmsallaşdırmanın rolu, rəqəmsal sahibkarlığın inkişaf etdirilməsi, bu sahədə KOB subyektlərinə dəstək məsələləri müzakirə olunub.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin məqsədi barədə məlumat verərək, sahibkarlıq fəaliyyətində rəqəmsallaşmanın və innovativ həllərin yeni bizneslərin formalaşmasında önəmini qeyd edib, ictimai müzakirənin bu sahədə sahibkarların ehtiyaclarının, qarşılaşdıqları çətinliklərin öyrənilməsi məqsədilə təşkil olunduğunu diqqətə çatdırıb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında ölkədə rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsini şərtləndirən proseslər barədə məlumat verib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qlobal pandemiyanın dünya iqtisadiyyatına mənfi təsiri ilə yanaşı, onlayn fəaliyyəti və rəqəmsal sahibkarlığı stimullaşdırdığını, yeni bilik və bacarıqların inkişafına, rəqəmsallaşmanın sürətlənməsinə, yeni biznes proseslərin yaranması və inkişafına təkan verdiyini vurğulayıb və “e-KOB evi” portalı yaradılması haqqında məlumat verib.Həmçinin yaxın vaxtlarda istifadəyə veriləcək Bakı KOB evində startaplar üçün “Equipment sharing” modeli əsasında mərkəz yaradılacağınıda vurğulayıb.

Tədbirdə biznesin rəqəmsallaşdırması istiqamətində sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.