II Azərbaycan-Türkiyə Regional İqtisadi Formu-03.12.2025

Marsol Group partnyorları Naxçıvanda keçirilən 2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumunda iştirak edib.

3 dekabr tarixində işgüzar Naxçıvan səfərimiz çərçivəsində, ümumilikdə 45 nəfərdən ibarət partnyor və Marsol Group-un nümayəndə heyətinin iştirakı ilə 2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumunda iştirak etdik. Forum Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və KOBİA-nın təşkilatçılığı, Azərbaycan və Türkiyənin müvafiq qurumlarının dəstəyi, həmçinin Marsol Group-un tərəfdaşlığı ilə baş tutub.

Tədbirin açılış mərasimindən öncə rəsmi nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda ucaldılan abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib. Forum Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və bir dəqiqəlik sükutla başlayıb.

Forumda ölkəmizi təmsil edən rəsmilər, Türkiyənin Qars, İğdır, Ardahan və digər bölgələrindən gələn valilik, bələdiyyə və ticarət palatalarının nümayəndələri, həmçinin Marsol Group partnyoru olan iş adamları iştirak edib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Türkiyənin Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu Zamin Əliyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ASK-nın vitse-prezidenti, Azərbaycan-Türkiyə Ticarət və Sənaye Palatasının həmsədri Vüqar Abbasov çıxışlarında ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin və strateji tərəfdaşlığın inkişafı, iki ölkənin iş adamları arasında əməkdaşlıq, biznes və investisiya qoyuluşu üçün imkanlar barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, logistika, sərhədyanı ticarət, investisiya və KOB-ların dəstəklənməsi istiqamətində atılan qarşılıqlı addımlar bölgədə iqtisadi dinamikanın güclənməsinə və yeni tərəfdaşlıq imkanlarının açılmasına töhfə verir, xüsusilə Naxçıvanın regional əməkdaşlıq baxımından yaratdığı imkanlar biznes dairələri üçün böyük perspektivlər açır. Çıxışçılar həmçinin ticarət, xüsusilə sərhədyanı ticarət, sənaye, turizm, nəqliyyat-logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu, biznesin bu imkanlardan səmərəli istifadəsinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.

Forum çərçivəsində Naxçıvanın biznes və investisiya mühiti haqda təqdimat keçirilib, həmçinin Azərbaycan və Türkiyə iş adamları arasında B2B görüşlər təşkil olunub.

Marsol Group olaraq inanırıq ki, bu platforma iki ölkə arasında işgüzar əlaqələrin genişlənməsinə, yeni tərəfdaşlıq imkanlarının yaranmasına və regional biznes mühitinin inkişafına mühüm töhfə verəcək.

This will close in 0 seconds