“Bakı KOB Evi”nə ziyarət – 19.01.2023

19 yanvar tarixində 30-dan çox partnyorumuzla birlikdə “Bakı KOB evi”nə ziyarətimiz baş tutdu. KOB evində sahibkarlar üçün yaradılmış imkanlar, o cümlədən “G2B” və “B2B” xidmətlər, Startap İnkişaf Mərkəzi, mediasiya məkanı və təlim otaqları ilə əyani şəkildə tanış olduq. Sahibkarlıq adına çox əhəmiyyətli və vacib bir ehtiyacı qarışılayan KOB evindən necə daha səmərəli şəkildə faydalana biləcəyimiz mövzusunda müzakirələr apardıq.

“Bakı KOB evi” vasitəsi ilə dövlət qurumları və özəl şirkətlər tərəfindən sahibkarlara göstərilən xidmətlərin vahid məkanda toplanması biznes subyektlərinin vaxtına və xərclərinə qənaət etməyə imkan verəcək.

Ümumi sahəsi 11 min kvadratmetrdən çox olan “Bakı KOB evi” ölkə üzrə fəaliyyət göstərən sayca 3-cü KOB evidir. Binanın ilk iki mərtəbəsi sahibkarlara dövlət-biznes (“G2B”), biznes-biznes (“B2B”) və digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub. Burada dövlət və özəl qurumlar tərəfindən biznes subyektlərinə sahibkarlıq fəaliyyəti üçün zəruri olan xidmətlər göstərilir. Ümumilikdə, “Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmət təqdim olunur.