Sentyabrın 30-u Şəki şəhərində “Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində bölgədə fəaliyyət göstərən sahibkarlarla baş tutan görüşdən sonra iştirakçılar Şəki şəhər stadionuna yollanaraq III MDB Oyunları çərçivəsində keçirilən çövkən yarışını izləyiblər. Gərgin və maraqlı idman qarşılaşmasında Azərbaycan və Küveyt komandaları üz-üzə gəlib. İştirakçılar milli idman növümüzün beynəlxalq arenada təbliğinə töhfə verən bu oyunu böyük maraqla izləyiblər.
Daha sonra səfər çərçivəsində Zəyzid kəndində yerləşən “Zeyzid Glamping” istirahət mərkəzinə ekskursiya təşkil olunub. Burada KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Marsol Group partnyoru olan sahibkarlar mərkəzdə yaradılmış imkanlarla tanış olub və regionun turizm potensialı barədə məlumat təqdim edilib.
Günün sonunda sahibkarlar üçün ziyafət təşkil olunub. Görüş zamanı işgüzar mühitdə əməkdaşlıq imkanları müzakirə edilib, yeni əlaqələrin qurulmasına şərait yaranıb.