Martın 14-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Mediasiya Şurasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə dövlət qurumlarının və MARSOL partnyoru olan sahibkarların da iştirakı ilə növbəti ictimai müzakirə təşkil olunub.
“Mübahisələrin alternativ həllində KOB subyektlərinə dəstək: problemlər və perspektivlər” mövzusunda keçirilmiş tədbirdə sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədən kənar alternativ həll yolları, bu sahədə mediasiyanın rolu, sahibkarların qarşılaşdıqları çətinliklərin mediasiya vasitəsilə həlli müzakirə edilib.
İlk öncə KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin keçirilmə məqsədi, mahiyəti haqqında qonaqlara və iştirakçılara məlumat verib.
Növbəti çıxışda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mediasiya institutunun mübahisələrin həlli sahəsində alternativ yol olduğunu və tərəflər arasında razılığın əldə olunması nəticəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli vasitə olduğunu qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən uğurlu islahatların, mediasiya institutunun formalaşmasının, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasının investisiya və biznes mühitinin yaxşılaşdırılmasına da müsbət təsir göstərdiyini vurğulayıb. Həmçinin “Mediasiya haqqında” Qanunun mübahisələrin məhkəmədən kənar – mediasiya yolu ilə həllinə öz töhfəsini verdiyini qeyd edib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında kommersiya məhkəmələrinin təşkili, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, biznes fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədən kənar həlli və Mediasiya Şurasının həmtəsisçilərindən olan Kollegiyanın bu sahədə fəaliyyəti, mübahisələrin alternativ həlli imkanlarının genişləndirilməsi, sahibkarların hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsinin peşəkarlıqla həyata keçirilməsi ilə bağlı KOBİA ilə birgə görülən işləri, eləcə də ölkədə biznes mühitinin sağlamlaşdırılması və cəlbediciliyi baxımından kommersiya arbitraj məhkəmələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb.
Sonda isə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov şuranın fəaliyyəti, mediasiya sahəsində tənzimləmə və nəzarət mexanizmləri barədə məlumat verib.
Tədbirdə sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həlli sahəsində vəkillərin və sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.