“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans

Sentyabrın 9-u KOB-ların iqlim dəyişiklikləri ilə mübarizəyə, yaşıl iqtisadiyyata keçidə verə biləcəkləri töhfəni diqqətə çatdırmaq, bu sahədə görüləcək birgə tədbirləri müzakirə etmək məqsədilə “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib.

İqtisadiyyat, ekologiya və təbii sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri və Marsol Group partnyorları iştirak ediblər.

Tədbirdə iqtisadiyyatın dayanıqlı inkişafda rolu, Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən milli prioritetlərdən olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti üzrə görülən tədbirlər, ekoloji təmiz texnologiyaların tətbiqi və yaşıl istehsalın artırılması, təkrar emal, çirklənmiş ərazilərin bərpasının təşviqi üzrə qarşıda duran vəzifələr barədə məlumat verilib.

Konfransda BMT-nin Qlobal Sazişi tərəfindən korporativ dayanıqlılıq mədəniyyətinin təşviqində fəal iştirakına görə KOBİA-ya sertifikat təqdim edilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “ACWA Power Azerbaijan Renewable Energy” MMC-nin direktoru Səlim Güven arasında KOB-ların yaşıl keçidi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb. Memorandum kiçik və orta sahibkarlıq subyketlərinin yaşıl iqtisadiyyata keçidinə dəstək məqsədilə birgə əməkdaşlıq tədbirlərini nəzərdə tutur.

This will close in 0 seconds