“Vergi islahatları – bizneslə əməkdaşlıq” mövzusunda tədbir

29 may 2025-ci il tarixində İqtisadiyyat Nazirliyinin inzibati binasında İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Marsol Group-un birgə təşkilatçılığı ilə “Vergi islahatları – bizneslə əməkdaşlıq” mövzusunda tədbir keçirilib.

Tədbirdə İCMA İdarə Heyətinin sədri, Marsol Group-un təsisçisi Tural Mustafayev, Dövlət Vergi Xidməti Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov və DVX-nin digər məsul rəhbər şəxsləri iştirak ediblər.

Görüş zamanı Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən son islahatlar, tətbiq olunan yeni idarəetmə yanaşmaları və vergi sistemində aparılan yeniliklər barədə təqdimat nümayiş etdirilib. Tədbirin əsas məqsədi dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, biznesin mövcud problemlərinin dinlənilməsi və birgə həll yollarının müzakirəsi olub.

Tədbirdə İCMA və Marsol Group üzvü olan 50-yə yaxın sahibkar iştirak edib. Görüş açıq mikrofon formatında davam edib və sahibkarlar vergi inzibatçılığı ilə bağlı praktiki təcrübələrini bölüşərək, rastlaşdıqları çətinliklər, eləcə də islahatlara dair təkliflərini DVX nümayəndələrinə birbaşa təqdim ediblər.

Birgə təşkil olunan bu platforma gələcək islahatların hazırlanmasında özəl sektorun töhfəsini artırmaqla yanaşı, dövlət-biznes münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.

This will close in 0 seconds