“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi yekunlaşdı

2-ci dəfə təşkil olunan “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin yekun tədbiri keçirilib.

Martın 6-sı layihənin yekunlarına və 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirə layihənin təşkilinə dəstək göstərən qurumların nümayəndələri və layihədə iştirak etmiş qadın sahibkarlar qatılıblar.
Tədbirin rəsmi hissəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev və Kapital Bankın kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nəsimi Xasıyev iştirakçılara fəaliyyətlərində uğurlar arzulayıb, qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sahibkarları təbrik ediblər. Həmçinin, təlim və tədbirlərin qadın sahibkarların bilik və bacarıqlarını artırmaqla yanaşı, onların yeni tərəfdaşlıqlar qurmasına imkan yaratdığı qeyd edilib.

Eyni zamanda, layihənin baş sponsoru “Esen Tekstil” şirkətinin biznes departamentinin rəhbəri Tina Orucova, tərəfdaşı “Soel Parfum”ün təsisçisi Elmir Nəcəbov və media tərəfdaşı “Sharaf Media”nın təsisçisi Sərxan Şərəfov çıxış edərək təmsil etdikləri şirkətlərin fəaliyyəti haqqında məlumat verib, qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə iştirakçıları təbrik ediblər. Həmçinin, adıçəkilən şirkətlərin və layihənin sponsoru “Nur Collection”un fəaliyyətlərinə dair videoçarx təqdim olunub.

Tədbirin davamında layihə ərzində keçirilən işgüzar görüşlər və təlimlərdə iştirak edən qadın sahibkarlar sertifikatla təltif olunub, tədbirin bədii hissəsi əyləncəli şou proqramla davam edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə ikinci dəfə təşkil olunan “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi ötən il olduğu kimi, bu il də xanım sahibkarlar arasında tərəfdaşlıq və netvörkinqin gücləndirilməsinə xüsusi töhfə verib.
Təlimlər və tədbirlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlərin təşkil olunduğu layihədə müxtəlif sektorları təmsil edən 70-dən çox sahibkar iştirak edib.

This will close in 0 seconds