“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində fevralın 12-si 40-a yaxın xanım sahibkarın iştirakı ilə “MADO” restoranında “İşgüzar Səhər Yeməyi” baş tutub.
Görüş zamanı səmimi mühitdə iştirakçılar arasında tanışlıqlar və B2B müzakirələr aparılıb, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev layihə haqqında ətraflı məlumat verib.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüqar İskəndərov da görüşdə iştirak edərək bu tip işgüzar görüşlərin xanım sahibkarlar və dövlət qurumları arasında konstruktiv əməkdaşlığın və ölkə iqtisadiyyatının inkişafında böyük rol oynadığını qeyd edib.
Həmçinin, görüşdə iştirak edən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov da ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələr, sahibkarlığın inkişaf perspektivləri kimi mövzulara toxunub, iştirakçıların suallarını cavablandırıb.
Bununla yanaşı, “Women in Tech” şirkətinin rəhbəri Leyla Seyidzadə çıxış edərək fəaliyyətləri və layihələri haqqında məlumat verib.
Ən sonda isə, Marsol Group partnyoru “Sofistico” şirkətinin həmtəsisçisi və icraçı direktoru Şamxal Kərimovun “Vergidə olan dəyişikliklər” başlığı altında maarifləndirici seminarı baş tutub.
