Yanvarın 26-da bir qrup Marsol partnyoru olan iş adamları ilə birlikdə partnyorumuz “Wotmax Estate”-in sahibi İlhami Bilgenin dəvəti və Döveç Group”un əməkdaşlığı ilə Şimali Kipr Türk Respublikasına yola düşdük. İlhami Bilgen həmin şirkətə məxsus “Courtyard” otelində bizi qarşıladı və otelə yerləşdikdən sonra Qazimağuza şəhərinin tarixi məkanlarından birində axşam yeməyinə qonaq etdi. Yeməkdə “Döveç Group”un baş direktoru Seyhan Kinyaz da iştirak etdi. Yeməkdən sonra Qazimağuza şəhərinin tarixi məkanlarına baxış oldu.Növbəti gün “Döveç Group”a məxsus tikinti sahələrini ziyarət etdik. Yeni layihələr ilə tanış olduq. Gələcəkdə qurulacaq qarşılıqlı əməkdaşlıqlar barədə fikir mübadiləsi etdik. Sonra isə qrup şəklində məşhur “Kapalı Maraş” şəhərinə tur təşkil edildi. Çox maraqlı bir tur oldu. Tarixin və zamanın donuq daşlara döndüyü məkanlara heyrət etmədən baxmaq mümkün deyildi.Ayın 28-də ŞKTR-nın paytaxtı Lefkoşe şəhərinə yola düşdük. Məqsəd həm yerli iş adamları ilə görüşmək, həm də şəhərin iqtisadi, mədəni və işgüzar mühiti ilə tanış olmaq idi. Bu məqsədlə Şimali Kipr İş Adamları Dərnəyinin (İŞAD) başçısı Enver Mamülcüoğlunun təşkil etdiyi yemək masası ətrafında şəhərin tarixi məkanı olan “Büyük Han”da faydalı bir görüş oldu. Gələcəyə doğru əməkdaşlıqlar üçün müzakirələr aparıldı.Və nəhayət, səfərimizin sonuncu günü sərbəst gün çərçivəsində Kiprin turizm cənnəti olan Girne şəhərinə tur təşkil edildi. Əsrarəngiz dəniz, əzəmətli “Girne” qalası öz gözəlliyi ilə hər kəsi heyran etdi.