Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla görüş – 02.07.2025

İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və Marsol Group-un təşkilatçılığı ilə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla sahibkarlar arasında növbəti dəfə işgüzar görüş keçirilib. 

İyulun 2-də “Axşam Ziyafəti”ndə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması, birgə layihələrin həyata keçirilməsi və sahibkarlıq mühitinin inkişafı mövzularında müzakirələr aparılıb, sahibkarların fəaliyyətləri ilə tanışlıq olub.

Görüş zamanı Cənab Ersin Tatar çıxışında ölkələr arasında iqtisadi əlaqələrin inkişafı, investisiya potensialının araşdırılması və sahibkarlıq sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. O, bu istiqamətlərin Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyini qeyd edib.

Həmçinin, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının idarə heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev, eləcə də görüşdə iştirak edən Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Şimali Kipr İş Adamları Dərnəyinin (İŞAD) sədri Enver Mamülcüoğlu və Marsol Group-un Şimali Kipr nümayəndəsi İlhami Bilgen çıxış edərək iki ölkə arasında ticarət münasibətlərinin dərinləşdirilməsi və sahibkarlıq sahəsində qarşılıqlı dəstəyin artırılmasının vacibliyini qeyd edib.

Görüşün sonunda Prezident Ersin Tatarın qələmə aldığı imzalı “Genel Komiteden İki Ayrı Devlete” kitabları Marsol Group-un partnyorlarına hədiyyə edilib, tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib, sahibkarlarla birgə xatirə fotosu çəkilib. 

Görüş, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə, sahibkarlıq sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılmasına töhfə verib.

This will close in 0 seconds