Hər il ənənəvi olaraq Ramazan ayında təşkil olunan “Sahibkarlarla iftar süfrəsi” bu il də baş tutub.
17 mart tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı ilə “Fairmont Baku”da baş tutan tədbir dövlət qurumları və biznes assosiasiyaların nümayəndələri olmaqla 500-dən çox sahibkarı bir araya gətirib.
Tədbirdə İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev çıxış edərək Marsol Group-un biznes əlaqələrinin genişlənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib, gələcək layihələrin biznes əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.
Həmçinin, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov öz çıxışında ilk əvvəl Ramazan ayı münasibətilə hər kəsi təbrik edib, belə tədbirlərin biznes dünyasında əməkdaşlıq mühitini gücləndirdiyini və böyük uğurların təməlini qoyduğunu qeyd edib.
Tədbirin davamında Marsol Group-un həyata keçirdiyi bir sıra yeniliklər və fəaliyyətlər haqqında videolar izlənilib. Belə ki, 18-21 iyun tarixlərində baş tutacaq 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nin anons videosu təqdim olunub.
Həmçinin, “Sahibkarlarla iftar süfrəsi” tədbirinin təşkil olunmasında dəstək göstərən “Crystal Group of Companies”, ” Veyseloglu Şirkətlər Qrupu” və “Fibrotruck” şirkətləri plaketlə təltif olunub.
Görüş səmimi mühitdə keçərək, iştirakçılar arasında tərəfdaşlıqların qurulmasına və netvörkinq əlaqələrinin genişləndirilməsinə vasitəçi olub. Eyni zamanda, tədbir iştirakçıları dövlət qurumlarının nümayəndələri ilə fikir mübadiləsi aparmaq və birbaşa ünsiyyət qurmaq imkanı əldə ediblər.
