Partnyorlarımız iyulun 12-si ənənəvi olaraq ziyarət etdiyimiz “Birgə və Sağlam” İctimai Birliyinin Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzində olublar. İştirakçılar mərkəzin nəzdində fəaliyyət göstərən “Kashalata” kafesində, autizmli gənclərin hazırladığı ləziz təamlardan dadaraq onların musiqili tamaşalarını dinləyiblər.
Həmçinin, birliyin sədri Aytən Eynalova uşaqlar üçün təşkil olunan xüsusi təhsil və tədris metodları, eləcə də sosial bacarıqlarını təkmilləşdirən təlimlər haqqında məlumat verib.
Daha sonra Autizm Mərkəzində ekskursiya baş tutub. Partnyorlarımız dərs otaqlarını və digər otaqları ziyarət edərək burada autizmli uşaqlar üçün təşkil olunan fəaliyyətlərlə yaxından tanış olublar.
Görüşə xüsusi rəng qatan məqamlardan birini də vurğulamaq istərdik. Biz Aytən Eynalovanın oğlu Həmzənin doğum gününü də qeyd etdik!
Həmzəni bu xüsusi gün münasibətilə ürəkdən təbrik edir, ona sonsuz sevinc və xoşbəxtlik arzu edirik. Eləcə də, bütün autizmli gənclərimizin öz bacarıqları ilə uğurlarının davamını gətirməsini diləyirik!