16 may tarixində Bakı KOB evində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının birgə təşkilatçılığı, Kiçik və Orta Sahibkarlıq subyektlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri və Marsol Group partnyorları iştirak ediblər.
Görüşün əsas məqsədi sahibkarların, xüsusilə də idxal, ixrac sahəsində fəaliyyət göstərən biznes nümayəndələrinin qarşılaşdığı problemləri dinləmək və müvafiq qurumlarla birbaşa dialoq mühitini təmin etmək olub. Tədbir çərçivəsində iştirak edən 100-ə yaxın sahibkar mövcud çətinliklər, prosedur qaydaları və ehtiyac duyulan dəstək mexanizmləri barədə fikirlərini bölüşüb.
