Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və Marsol Region-un birgə təşkilatçılığı ilə Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla dövlət qurumu nümayəndələri arasında görüş baş tutub.
11 iyun tarixində Marsol Region və İCMA üzvləri dövlət qurumu nümayəndələri ilə Lənkəran şəhərində fəaliyyət göstərən Balçı Səyavuş Arıçılıq və Damazlıq təsərrüfatında bir araya gəldi. Görüş zamanı sahibkarlar çay süfrəsi ətrafında öz biznesləri haqqında təqdimat edərək tanış olublar.
KOBİA-nın Lənkəran-Astara, Cəlilabad KOB Dostları, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara regional Məşğulluq filialı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 6 saylı Regional Bölməsi, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsi, Dövlət Vergi Xidməti (Lənkəran), ADRA (Lənkəran), AQTA (Lənkəran) və ABAD (Masallı) nümayəndələrinin iştirak etdiyi görüşdə ticarət və xidmət sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər ətrafında maraqlı müzakirələr oldu və sahibkarlarımıza maraqlı gələn suallar cavablandırılıb.
Qeyd edək ki, Marsol Region partnyoru olan Balçı Səyavuş Arıçılıq və Damazlıq təsərrüfatı təmiz bal istehsalı, arı südü, müalicəvi əhəmiyyətli arı məhsullarının (Apiterapiya) satışını həyata keçirir.
İştirak edən dövlət qurumu nümayəndələrinə və sahibkarlara təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!