18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmiş 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nin yekunu münasibətilə axşam ziyafəti baş tutub.
24 iyun tarixində keçirilən tədbirdə rəsmi qonaqlar, sərgi iştirakçısı olan sahibkarlar və şirkət nümayəndələri iştirak edib.
Tədbirin rəsmi hissəsində açılış nitqilə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov iştirakçılara uğurlar arzulayıb və sərginin iqtisadiyyatın şaxələndirilməsində, yerli şirkətlərin qlobal bazarda mövqelərinin gücləndirilməsində mühüm rol oynadığını bildirib.
Daha sonra İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev öz çıxışında sərginin yerli bizneslər üçün yaratdığı imkanlardan bəhs edib, Azərbaycan iqtisadiyyatının inkişafında özəl sektorun rolunun artdığını, sərginin bu istiqamətdə mühüm platforma olduğunu diqqətə çatdırıb.
Rəsmilərin çıxışlarından sonra tədbirin bədii hissəsində sərginin təşkil olunmasında dəstək göstərən və sərgidə öz stendi ilə fərqlənən şirkətlər plaketlə təltif olunaraq mükafatlandırılıblar.
Qeyd edək ki, tədbir çərçivəsində Marsol Academy-nin “Gələcəyin Sahibkarları” layihəsinin iştirakçılarının məzuniyyət mərasimi keçirilib. Bir illik təlim müddətində əldə etdikləri bilik və təcrübəni əks etdirən video çarx nümayiş olunub, məzunlara zəhmətlərini, inkişaflarını və əzmlərini təsdiqləyən diplomlar təqdim edilib.
Nəzərinizə çatdıraq ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə tekstil, qida, İKT, təhsil, inşaat, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub, sərgidə 30000-dən çox ziyarətçi iştirak edib.
Sərginin təşkil olunmasında İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi dəstək göstərib.
Sərginin yekun mərasimi yerli şirkətlər üçün yeni işgüzar əlaqələrin qurulması, innovativ ideyaların paylaşılması və gələcək əməkdaşlıqlar üçün mühüm zəmin formalaşdırıb.
