“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə həsr olunmuş brifinq keçirilib.
Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev sərginin məqsədi, təqdim olunacaq yeniliklər barədə ətraflı məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıblar.
Qeyd edilib ki, 18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək “Yerli şirkətlərin tanıtım sərgisi” artıq 6 ildir ki, yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardan biridir. Məqsəd yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznes subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıqları təşviq etməkdir. Builki sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət iştirak edəcək.
Brifinqdə vurğulanıb ki, sərgi təkcə yerli məhsulların nümayişi üçün deyil, həm də Azərbaycan məhsullarının ixracına, xarici tərəfdaşlarla əlaqlərin qurulmasına xidmət edəcək. Bu məqsədlə sərgiyə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən ticarət palataları, biznes assosiyaları dəvət olunub.
Sərgi iştirakçıları və ziyarətçiləri üçün 18-21 iyun tarixlərində, saat 10:00-16:30 aralığında hər iki istiqamətdə ödənişsiz avtobus marşrutu (“Koroğlu” metro stansiyasından (Heydər Əliyev prospekti, “Alov” parkı çıxışı)) xidmət göstərəcək. Ödənişsiz avtobusların üzərində “Yerli şirkətlərin tanıtım sərgisi” qeyd ediləcək.
“Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərginin bu ilki tərəfdaşları Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır (İCMA).
Baş sponsor: Məlhəm Beynəlxalq Hospital
Sponsor: Dayun
B2B Zona sponsoru: N-Advert
Təşkilati dəstək: Construction Business Group
Promo tərəfdaş: Moon Group
Media Tərəfdaşı: Global Media Group, BHB Strategic and Creative CO
Könüllü dəstəyi: UNEC, Tələbə Həmkarlar İttifaqı Komitəsi
