18 iyun tarixində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Yerli Şirkətlərin Tanıtım Sərgisi” çərçivəsində Azərbaycan Biznesinin İnkişafı Fondundan güzəştli kredit əldə etmək istəyən sahibkarlarla B2G formatında görüş keçirilib.
Tədbirin məqsədi sahibkarları maliyyə dəstəyi imkanları barədə məlumatlandırmaq və onları aidiyyəti qurumlarla birbaşa ünsiyyət platformasında bir araya gətirmək olub. Görüşdə Fondun Partnyorlarla iş şöbəsinin müdiri Rüstəm Əliyev, Kapital Bankın Kiçik və Orta Sahibkarlarla iş departamentinin direktoru Nəsimi Xasıyev və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Görüş zamanı sahibkarlar güzəştli kredit şərtləri, müraciət prosedurları və ilkin tələblərlə bağlı suallarını səsləndiriblər. Həmçinin mövcud dəstək mexanizmləri və əməkdaşlıq imkanları barədə məlumat verərək, sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Bu tip görüşlər sahibkarların dövlət və maliyyə qurumları ilə birbaşa təmas qurmasına və praktiki informasiya əldə etməsinə mühüm töhfə verir.
