Yanvarın 15-i Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə 2-ci dəfə “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinə start verilib.
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İCMA və “Marsol Group”un İdarə Heyətinin sədri Tural Mustafayev çıxış edərək ölkəmizdə qadın sahibkarlığın inkişafına dəstək tədbirləri, bu sahədə özəl sektorun təşəbbüsləri və layihə barədə məlumat veriblər.
Daha sonra layihənin baş sponsoru “Esen Tekstil”in direktoru Rəşid Xəlilov çıxış edərək layihənin xanım sahibkarlar üçün əhəmiyyətini vurğulayıb və bütün iştirakçılara uğurlar arzulayıb.
Tədbirin sonunda xanım sahibkarların təklifləri dinlənilib və sualları cavablandırılıb.
Qeyd edək ki, 2024-cü ildən icra olunan “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin əsas məqsədi qadın sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsidir. Layihədə müxtəlif sektorları təmsil edən 70-dən çox qadın sahibkar iştirak edəcək. Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər və tədbirlər, işgüzar səhər yeməkləri, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil ediləcək. Layihə mart ayında başa çatacaqdır.
Layihənin sponsoru “Nur Collection”, tərəfdaşı “Soel Parfum” media tərəfdaşı isə “Sharaf Media”dır.