“Reklam və nəşriyyat müəssisələri ilə iş” komissiyasının iclası keçirilib

“Azərbaycan Sahibkarlar Konfederasiyası”nın tərkibində fəaliyyət göstərən “Reklam və nəşriyyat müəssisələri ilə iş” Komissiyasının növbəti iclası baş tutub. İclasda müvəqqəti emal ilə bağlı Nazirlər Kabinetinin qərarı, çap məhsullarının hazır vəziyyətdə idxalının rüsumdan azad edilməsinin yerli istehsala mənfi təsiri, kiçik qrup daşımalarında sabit xərclərin çox baha başa gəlməsi, ölkədə olmayan xammal məhsullarına qoyulan rüsumların yüksək olmasının ixracda rəqabət qabiliyyətini aşağı salması ilə bağlı məsələlər müzakirə edilib. Konfransda iştirak edən sahibkarlar məsələ ilə bağlı öz təkliflərini bildiriblər.  

TUNA şirkətinin təsisçisi Rəşid Çulaqov sahibkarların ölkədə müvəqqəti emalla məşğul olması üçün malların idxalında çətinliklərin olduğunu bildirib. Bu isə yeni istehsal imkanlarının yaradılması, əlavə iş yerlərinin açılması və ixraca yönəlik olan bu məhsullar sayəsində ölkəyə xarici valyuta gəlməsinin qarşısını alır.  Həmçinin hazır kitab və materialların xaricdən ixracı zamanı gömrük rüsumundan azad edilməsinin, yerli nəşriyyatçıların isə idxal etdikləri xammalın rüsumlarının yüksək olmasının nəticədə haqsız rəqabət mühiti yaratdığı vurğulanıb. Digər məsələlər ətrafında Vitam şirkətinin direktoru Tehran Əliyev, MOON Group şirkətinin təsisçisi Ruslan Quliyev çıxış edib. Müzakirələr nəticəsində hər üç mövzu ilə bağlı hökumətə müraciət etmək qərara alınıb.