Partners & Business Baku 2020

Fevralın 1-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” ASC və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə biznes tərəfdaşlığına həsr olunmuş “Partners and Business” mövzusunda tədbir keçirilib.

Yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və bu istiqamətdə müzakirələrin aparılması məqsədilə təşkil olunmuş tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 600-ə yaxın sahibkarlıq subyekti iştirak edib.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) nümayəndəsi Nərmin Mirzəyeva, “Kapital Bank” ASC-nin nümayəndəsi Fərid Hidayətzadə, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev ölkəmizdə sahibkarlığın inkişafı, bu sahədə həyata keçirilən tədbirlər, biznes tərəfdaşlığının əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, biznes tərəfdaşlığı sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq 20-22 fevral tarixlərində Bakı İdman Sarayında sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsullarından və xidmətlərindən ibarət sərgi keçiriləcək. Bu sərgidə 150-dək yerli şirkətin iştirakı nəzərdə tutulur.

Tədbir çərçivəsində uğurlu fəaliyyətinə görə bir sıra sahibkarlıq subyektləri mükafatlandırılıb, eləcə də kiçik və orta sahibkarlığa dəstək, biznesin inkişafı, korporativ sosial məsuliyyət, sahibkarlığın inkişafında bankların rolu, şərikli biznes mövzularında panel müzakirələr keçirilib.

Rəy bildirin